Gəncə Dövlət Dram

T E A T R I

Teatrın tarxinə səyahət

XIX əsrin sonlarında 21 oktyabr 1895-ci ildə Gəncənin bir sıra maarifpərvər insanlarının xüsusi təşkilatçılığı və həvəskarların iştirakı ilə ilk dəfə burada oynanılan tamaşalar dövrünün mütəfəkkir və içtimai xadimi olan M. F. Axundov və N. B. Vəzirovun pyesləri olmuşdur. 1906-cı ildə yaradılmış “ Gəncə müsəlman məclisi ”nin bu sahədə xidmətləri daha önəmlidir. Ə. B. Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatr truppasında “ Ağa Məhəmməd şah Qacar ”, “ Dağılan tifaq ”, ( Ə. B. Haqverdiyev ), “ Əl-Mənsur ” ( N. Heyne ), “ Nadanlıq ” ( N. Nərimanov ), “ Vətən ” ( N. Kamal ) və başqa əsərlər yeni həvəskar truppanın əsas repertuarı olmuşdur. Bu illərdə Gəncədə yaşayıb yaradan maarifpərvər ziyalı, dramaturq, dövrünün mükəmməl teatr nəzəriyyəçisi olan Mirzə Məhəmməd Axundzadə bir necə yeni dram əsərləri yzmaqla yanaşı əcnəbi müəlliflərin pyeslərini tərcümə edir və teatr sənətinin dövrü üçün nəzəri problemlərini əks etdirən “ Teatro nədir ? ” elmi əsərini yazır və çap etdirir.
Bütün bunlarla yanaşı həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə “ Qız məktəb ”i tələbələrinin ilk dram truppası da yaradılır. Burada M. C. Əmirovun “ Seyfülmüllük ” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulur. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərir. Bu dərnək istedadlı aktyor truppası ilə yanaşı, rəngaəng repertuarı olan, lakin dövlət statusu almamış bir teatr idi. Burada görkəmli rejissor Adil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstərmişdir. Məhz bu truppada fəaliyyət göstərən yaradıcı kollektivin bir sıra aktyorları sonradan respublikanın bir sıra teatrlarında uğurlu yaradıçılıq fəaliyyəti göstərmişlər.
1932-cü ilin dekabr ayından Gəncədə fəaliyyət göstərən teatrın tarixi XX əsrin əvvəllərində Bakıda yaradılımış, 1921-ci ilin noyabr ayının 13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə “ Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlayan , sonradan “ Bakı İşçi Teatrı”nın tarixi ilə üzvü şəkildə bağlıdır. Belə ki, məhz 1932-cü ilin dekabr ayında bu teatrın yaradıçı kollektivi bütünlükdə Gəncəyə köçürülür və “ Tənqid-Təbliğ ” teatrı kimi fəaliyyətini Gəncədə davam etdirir. Teatrın tarixinə nəzər saldıqda sonradan bu teatrın yetirməsi olan görkəmli teatr pedaqoqu və rejissoru, xalq artisti Mehdi Məmmədovun dəyərli fikirləri yada düşür : “ Teatrın yaradıçılıq yoluna nəzər salanda iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə yaşamış, hər zaman müasir fikirlər irəli sürməyə can atmışdır. ” Forma etibarı ilə kiçik dram əsərlərinə səhnə təcəssümü verən, ətrafına müxtəlif nəsli cəlb edən bu teatr özünə tam yaşama hüququ qazandıraraq çox qısa vaxt məkanında maraqlı repertuarı ilə tamaşaçı auditoriyası toplaya bilmişdir. Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə göçür və öz fəaliyyətlərini burada davam etdirirlər.
Gəncədə milli professional teatr sənətinin yaranması və inkişafında, teatrın yaradıçılıq istiqamətinin müəyyənləşdirilməsində aktyorlardan Kazım Ziya, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, Ətayə Əliyeva, İsmayıl Talıblı, Ələkbər Seyfi, Kərim Sultanov, Rəmziyyə xanım Veysəlova, Əşrəf Yusifzadə, Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, rejissorlardan Mehdi Məmmədov, Yusif Yılduz, İsmayıl Əfəndiyev, sonradan Həsən Ağayev, Nəsir Sadıqzadə, Yusif Bağırov, gənc rejissorlardan Vaqif Şərifov, Hilal Həsənov və başqalarının əməyi böyük olmuşdur. Bu aktyor və rejissorlar Gəncə teatrının səhnəsində müxtəlif səpgili pyeslərlə maraqlı obrazlar qaleriyası yaratmaqla, fundamental repertuar siyasətinin əsasını qoymuşlar. Belə ki, “ Aslan yatağı ” ( M. H. Təhmasib ), “ İntizar ” ( İ. Əfəndiyev və M. Hüseyn ), “ Bizim şəhərli oğlan ” ( K. Simonov ), “ Od gəlini ” ( C. Cabbarlı ), “ Madrid ” ( M. İbrahimov ), “ İntiqam ” ( Z. Xəlil ), “ Nə əldən qoyur, nə yardan doyur ” ( Lope De Veqa ), “ Müfəttiş ” ( Qoqol ), “ Ölülər ” ( Cəlil Məmmədquluzadə ), “ Kəllə ” ( Nazim Hikmət ), “ Tülkü və üzüm ” ( G. Fiqeyerdo ), “ Bahar ” ( M. H. Təhmasib ), “ Böyük ürək ”( H. Seyidbəyli və İ. Qasımov ), “ Nəsrəddin şah ” ( C. Cabbarlı ), “ Qoca ” ( M. Qorki ) “ Üç qəpiklik opera ” ( Brext ), “ III-Riçard ” ( V. Şekspir ), “ Antiqona ” ( Esxil ), “ Medeya ” ( Evripid ), “ Yad qızı ” ( Orxan Kamal ) tamaşaları orjinallığı və səhnə tamlığı ilə fəqlənmiş və yaradıçı kollektivin böyük potensial bir qüvvəyə malik olduğunu göstərə bilmişdir.
2002-ci ildə teatrın səhnəsində tamaşaya qoyulan İlyas Əfəndiyevin “ Mahnı dağlarda qaldı ” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “ Qızıl Dərviş ” mükafatının “ Qran Pri ”sinə layiq görülmüşdür.
2007-ci ildə gənc rejissor İ. Gözəlovanın tamaşaya hazırladığı “ Qəribə oğlan ” pyesi “ Gənc rejissorların teatr festivalı ”nda, 2010-cu ildə isə yaradıçı kollektiv Elçinin “ Ölüm hökmü ” tamaşası ilə “ Respublika teatr festivalı ”nda uğurla çıxış etmişdir.
1932-34-cü illərdə Qırmızı Bayraqlı Türk İşçi Teatrı;
1934-35-ci illər Qırmızı Bayraqlı İşçi Teatrı;
1935-39-cu illər Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı;
1939-52-ci illər L. Beriya adına Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı;
1952-64-cü illər Qırmızı Bayraqlı Kirovabad Dövlət Dram Teatrı;
1964-90-cı illər Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı;
1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı kimi adlandırılmışdır.

Bu gün böyük sənət yolu keçən Gəncə Dövlət Dram Teatrı 115 illik mövsümün astanasında böyük yaradıçılıq yolunun axtarışındadır.